u/ismayilsuleymann

PaşaBank İKT (İlkin Kütləvi Təklifi) başa çatdı. Düşündükləriniz?

Dəyərli həmsubredditlilərim,

Keçən dəfə ABB səhmlərinin (ABBNK) 2 illik pay dəyəri tarixçəsinə baxmışdıq. Həmin posta ayırdığınız vaxt və diqqətiniz üçün təşəkkür edirəm. Bu dəfə isə diqqətimizi İlkin Kütləvi Təklif (İKT) yazılışını bitirmiş Paşa Banka yönəldirik.

Paşa Bank səhminin birinin 55₼ olması və bazar kapitalizasiyasının 1,03 milyard AZN olma iddiası nə dərəcədə əsaslıdır?

Bildiyiniz kimi, Paşa Bank (bundan sonra "Şirkət" və ya "Bank") bu ilin aprel ayında İKT elan etdi və bir payın (səhmin) qiymətini 55 ₼ olaraq müəyyənləşdirdi. Abunə yazılışı tam dolmadığı üçün müddət 12 iyuna qədər uzadıldı — bu məqama postun sonunda qayıdacağam.

Mən emissiya prospektini gözdən keçirdim və əsas məqamlara diqqət yetirdim ki, sizinlə paylaşım. Gəlin əvvəlcə yaxşı tərəflərə, sonra isə investorlar üçün narahatlığa səbəb ola biləcək məqamlara baxaq.

İKT nəticəsində isə, aşağıdakı səhm bölgüsünün yeni səhmdarlıq bölgüsü olacağı gözlənilir:

Yeni 932 min səhmin buraxılışı nəticəsində, 51 milyon AZN-ə yaxın vəsait toplanmışdır, Paşa Bankın bazar kapitalizasiyası isə ~1,03 milyard AZN olacağı gözlənilir. Nümunə olaraq, ABB-nin hazırki bazar kapitalizasiyası 1,32 milyard AZN-dir, və İKT zamanı səhmlərin 6% yeni investorlara təklif edilmişdi.

Güclü tərəflər

Emissiya prospektində qeyd etdikləri kimi:

  • Aktivlərə görə Azərbaycanda 3-cü bank (bazar payı ~16.5%), depozitlərdə isə ~19.8% pay. Korporativ bankçılıqda faktiki lider.
  • Cəmi aktivlər ~9.3 milyard ₼, kapital ~963 milyon ₼.
  • Kapitalın gəlirliliyi (ROE) 25% (2024), yarımillikdə ~21% — region üçün çox güclü göstərici. ABB-də bu rəqəm 17%-dir.
  • Kapital adekvatlığı 22.9%, likvidlik əmsalı (LCR) 451% — yəni bank həddən artıq kapitallı və likviddir.
  • Dövlət deyil, özəl bankdır ("Paşa Holding" nəzarəti), idarəetmə reputasiyası güclüdür. Bundan əlavə, Bank Gürcüstan və Türkiyədə də fəaliyyət göstərir.

Bankın digər şirkətlərdə yuxarıda göstərilmiş miqdarda payları mövcuddur.

Yəni keyfiyyət baxımından Paşa Bank ABB-dən heç də geri qalmır.

Diqqət tələb edən tərəflər:

  1. "Paşa Bank" ASC-nin əsas səhmdarlarının ("Paşa Holding" MMC, "Bless" MMC, və Paşayevlər ailəsi) ölkənin Vitse-Prezidenti xanım Mehriban Əliyeva və onun ailə üzvləri ilə sıx əlaqəli olması, bankın gələcəyini ölkədəki siyasi iqlimə sıx şəkildə bağlayır. Ölkədə siyasi iqlim dəyişərsə, Bankın gələcəyi müəmma altındadır. Bəziləri üçün isə əksinə, səhmə yanaşı bu bir növ rahatlıq və inam hissi verə bilər.

  2. Xalis mənfəət 2024-cü ildə 218 milyon ₼ idisə, 2025-ci ilin ilk yarısında illik müqayisədə ~15% azaldı (96 mln ₼-ə qarşı 112 mln ₼). Xalis faiz marjası da sıxılır, nəticə olaraq ROE (kapital rentabelliyi) azalan tendensiyadadır. Bu səhm dəyərinə neqativ təsir göstərə biləcək amillərdəndir.

  3. Qiymət təxminən balans dəyərinə bərabər qoyulub. Bir payın balans dəyəri ~54.3 ₼-dir, təklif qiyməti isə 55 ₼. Yəni siz bank səhmini kitab dəyərinə öz dəyərinə (x1.0) alırsınız. Bankın səhm dəyərinin yuxarı potensialı olsa da, ABB-nin aşağıdakı nümunəsinə baxmalıyıq.

  4. Xatırlayırsınızsa, ABB 2024-cü ildə öz payını 0.27₼-ə təklif edirdi, və bu onun balans dəyərinin x0.6 bərabər idi, P/E cəmi ~3x idi, dividend gəlirliliyi 15%+ idi. Məntiqlə baxsaq, səhm dəyəri qalxmalı idi. 2 il keçsə də, qalxmadı. Pay təklif qiymətinin ətrafında ilişib qaldı, likvidlik demək olar ki, yox dərəcəsindədir, və bütün gəlir yalnız dividenddən gəlir. Paşa Bankın P/E-i hazırda ~5x ilə başlayır, və bu da bir qədər səhm dəyəri barədə narahatlıq yaradır.

  5. Bakı Fond Birjasında az pay dövriyyəsi (free float), zəif likvidlik, yenidən qiymətləndirmənin (re-rating) olmaması, bir növ, ABB səhmlərinin qiymətinin qalxmasının qabağını aldı. Paşa Bank isə ictimaiyyətə cəmi ~5% pay təklif olunur (ABB 6% təklif etmişdir). Yəni eyni likvidlik problemi burada da var, və hətta bu problem daha da qabarıq ola bilər.

  6. Dividend gəlirliliyi ABB-dən aşağıdır. 55 ₼-dən və ~11.5 ₼ bir paya düşən mənfəətdən çıxış etsək, P/E ~4.8x olur — ucuzdur, amma ABB qədər yox. Dividend siyasəti 30-40% hədəfləyir (son illərdə faktiki 44-68% ödəyib). 55 ₼-dən dividend gəlirliliyi təxminən 8-13% arasında ola bilər. Yaxşıdır, lakin ABB-nin 15-16%-i ilə müqayisədə aşağıdır.

Nəticə

İndi, bütün bunlardan nə nəticəyə gəlmək olar?

  1. Fundamental olaraq, yəni rəqəmlərə baxsaq, Paşa Bank güclü və ABB kimi dayanıqlı bankdır.
  2. Lakin pay 55 ₼-dən balans dəyərinə qoyulub — yəni "ucuz alıram" hissi ABB-dəki qədər güclü deyil. Yuxarı potensial var, amma eynilə də aşağı potensialı da danılmazdır.
  3. Free-float likvidliyinin az olması səhm qiymətinə mənfi təsir göstərə bilər. ABB 2 ildə göstərdi ki, Bakı Fond Birjasında inflyasiya ilə bərabər avtomatik olaraq qiymət artımı görmək çətindir. Az likvidlik və kiçik free float qiyməti təklif səviyyəsinə "yapışdıra" bilər. Bütün gəlir dividenddən gələ bilər, paydan deyil. Bu BFB-nın problemidir və, təəssüf ki, Paşa Bank burada İKT zamanı daha çox pay təklifi etməkdən başqa heç cürə təsir edə bilməzdi.
  4. Marjanın və mənfəətin son meyli aşağıdır. 2026-cı ilin nəticələrini izləmək lazımdır — ROE (keçən hesabatda 25%, indi 21%) enməyə davam edəcəkmi, yoxsa 20% civarında stabilləşəcək?
  5. Azərbaycan reallığı dəyişməyib — neftdən asılılıq, devalvasiyanın hər an mümkünlüyü, yerli kapital bazarının dayazlığı ümumi olaraq yerli bazarlara yatırımı daha riskli edir.

Paşa Bankın səhmindən nə gözləmək olar?

Zaman göstərəcək. Lakin rəqəmlərə əsaslanan təxminim belədir: pay böyük ehtimalla təklif qiymətinin (55 ₼) ətrafında, dar diapazonda ticarət edəcək, və ilk dövrdə gəlirin əsas hissəsi paydan deyil, dividenddən gələcək — eynən ABB kimi. Realistik olaraq, səhm dəyərinin 45₼-dək enə biləcəyini və ya, yaxşı halda, 70₼-dək qalxa biləcəyini gözləyə bilərik.

Məni düşündürən məqamlardan biri İKT müddətinin 1 ay uzadılmasıdır.Bu, abunə yazılışı zamanı olan təlabatın göstəricisi idi. Bu, ABB postumda dediyim narahatlığı daha da gücləndirir.

Qeyd edim ki, bu post maliyyə məsləhəti deyil, sadəcə şəxsi təhlilimdir. İnvestisiya risklidir və son qərar sizin özünüzündür, emissiya prospektini isə gözdən keçirmənizi məsləhət edirəm. Təhlil zamanı tərəfsiz olmağa çalışdığımı bildirirəm, və bu kontekstə, hazırda Paşa Bankda 1 pay üçün yazılmış olduğumu bildirmək istəyirəm.

Diqqətiniz üçün təşəkkür edirəm və fikirlərinizi öyrənməyə hazıram!

reddit.com
u/ismayilsuleymann — 17 days ago

Bu gün qonşu Ermənistanda 2026-cı il Parlament seçkiləri keçirilir

Bildiyiniz kimi, bu həftəsonu Ermənistanda 2026-cı il Parlament seçkiləri keçirilir. Xəbərləri və baş verənləri bu link üzrə izləyə bilərsiniz: Armenia Votes 2026: Live Updates - EVN Report

Qonşu ölkədəki seçkilərin əsas toqquşma nöqtələrindən biri Azərbaycanla davam edən sülh prosesidir. Hazırki premyer-ministr Nikol Paşinyan, Azərbaycan və Türkiyə ilə normallaşma xəttində irəliləyir.

Seçki çox qütbləşmiş atmosferdə keçir. Rusiya güclü dezinformasiya kampaniyası aparır, Paşinyanı "vətən xaini" kimi göstərməyə çalışır. Müxalifət Qarabağ məsələsini və sülh prosesini "milli maraqlara xəyanət" kimi təqdim edir. Paşinyanın tərəfdarları isə sülhün və iqtisadi inkişafın vacibliyini vurğulayır. Bir çox erməni vətəndaş hələ də Qarabağdakı hadisələri unutmayıb, bu da seçkiləri emosional edir.

Müxalifət ümumilikdə daha çox Rusiya yönümlüdür və Paşinyanı "çox güzəştə getmək"də ittiham edir. Samvel Karapetyan və Robert Köçəryan əsas müxafilətçi fiqurlardır.

u/ismayilsuleymann — 29 days ago

PaşaBank, ABB səhmlərinin pay dəyəri tarixçəsi, və digərləri

(1) - 2024-cü ilin May ayında ödənilmiş dividenddən əvvəl, pay qiyməti 0.35₼-a bərabər idi; (2) Həmin ilin iyul ayında 40 milyondan artıq qədərində pay satıldı, (3) və pay qiyməti 0.26₼-dək endi. (4) Momentum növbəti ilin may ayınadək, yəni, 2025-ci ilin dividendlərinin ödənişinə qədər konsolidə oldu, və pay qiyməti bu səfər 0.31₼-dək yüksəldi, (5) və yenə, dividend-pulu alınan kimi, payların satışı başladı, qiymət bu səfər 0.25₼-dək endi. Hazırda, (6) 2026-cı ildə, May dividendləri ödəndi və biz eyni qaydada qiymətin 0.31₼-dən 0.27₼-lərədək endiyini görürük.

Dəyərli həmsubredditlilərim,

Bildiyiniz kimi, Paşa Bank bu ilin aprel ayından etibarən ilkin kütləvi təklif (initial public offering, "IPO") elan edib, və bir səhminin dəyərini 55 AZN kimi müəyyənləşdirib. Görünənə görə, IPO-da bütün səhmlər üçün yazılma bitməyib, bu səbəbdən Paşa Bank IPO müddətini 12 iyunadək uzatdı.

Hazırki post Paşa Bankın maliyyə analizi deyil, əksinə, biz diqqətimizi Bakı Fond Birjasında ticarətdə olan digər ASC-inə kökləyək: Azərbaycan Beynəlxalq Bankının səhmlərinə ("ABBNK"). Bəlkə diqqətimizi başqa yerə yönəltsək, Paşa Bankın mövcud IPO-su barədə daha az narahat olaram.

Demək, dostlar, bu posta əlavə etdiyim şəkildə, ABBNK-ın Bakı Fond Birjasının rəsmi veb-saytın götürdüyüm qiymət tarixçəsini görə bilərsiniz. ABB öz paylarını ilkin təklifdə 0.27**₼-a yerləşdirsə də, gördüyünüz kimi, ilk aylarda qiymət 0.35₼**-dək yüksəlmiş oldu. ABB hər ayın May ayında dividend ödənişi edir, və payçılar dividend-pulunu alan kimi, səhmdən özlərini azad edirlər.

Lakin mənə, son 2 ildə bu pay dəyərinin inflyasiya qiymətlərinin nəzərə alınması kontekstində real dəyərini görmək maraqlı idi. Bir qədər hesablama, rəsmi inflyasiya datası, və google sheet formulaları nəticəsində, aşağıdakı qrafiki hazırladım:

Bu qrafik təxminən 2-illik müddəti əhatə edir. Başlayır 2024-cü ilin yanvarından, bitir 2026-cı ilin mayı ilə. Zənn etsək ki, ABBNK IPO-su zamanı 1000₼ yatırım etmisiniz, illər boyunca həmin 1000 manatın real dəyəri belə oynayardı. Gördüyünüz kimi, ancaq IPO (2024-cü ilin əvvəli) zamanı pul yatırsaydınız, mənfəətdə olardınız, əks təqdirdə həmin vaxtdan düz 2025-ci ilin payızına qədər davam edən downtrenddə pul itirmiş ola bilərdiniz. 2025-ci ilin payızından indiyədək olan müddət \"flat\", həmin o downtrend vaxtlardan indiyədək saxlanılmış səhmlər isə mənfəətdə olarmış kimi görükür.

Nəticə

İndi, bütün bunlardan nə nəticəyə gəlmək olar?

  1. ABBNK mənfəət vəd etməyən bir səhmdir. Düzdür, dividendi 15-16%-dir, lakin pay qiyməti illər ərzində nəyinki bahalaşmayıb, hətta əksinə, ildən-ilə daha da dərin aşağılara gedir (bax.: 2024-cü ilin dividend sonrası - 0.26₼, 2025-ci ilin dividend sonrası - 0.25₼, 2026-cı il hələ ki gözümüzün önündə şəkillənir; 2024-cü ilin maksimumu - 0.35₼, 2025-ci ilin maksimumu - 0.31₼)

  2. Bütün bunların yüksək inflyasiyalı Azərbaycan reallığında baş verməsi daha təsiredəndir. İnflyasiya kontekstində qiyməti artmaqdansa, biz dividendlərin yenidən yatırılması halında belə IPO aylarından bəri (2024 May, qrafikdə 1300₼-lər civarındadır) ciddi real artım görə bilməmişik.

  3. Bütün bunların fonunda, son 2 il ərzində ABŞ səhm bazarındakı alternativlər daha cəlbedicidir:

  • Apple (AAPL) — +10% – +30%
  • Microsoft (MSFT) — +30% – +60%
  • NVIDIA (NVDA) — +250% – +350%
  • Amazon (AMZN) — +40% – +80%
  • Alphabet (GOOGL) — +40% – +70%
  • Meta (META) — +80% – +120%

Faizlər son 2 ildə bu şirkətlərin pay dəyəri artımını göstərir.

  1. Azərbaycan milli valyutasının devalvasiya riski dünyada neftə olan təlabatdan asılıdır. İqtisadiyyatımızın hələ də əsasən neft-sektorundan asılı olması, yerli qiymətli kağız bazarına yatırım etmək istəyi vermir mənə hələ də.

Paşa Bankın ilkin kütləvi təklifindən nə gözləmək olar?

Bilmirəm. Lakin, ABBNK-ın ilk 2 ildə vəziyyətinə baxsaq, çox da optimist deyiləm. Elon Musk-ın SpaceX IPO-su fonunda, qorxuram ki, Paşa Bank da oxşar bir "tələ" qurmuş ola bilər.

Sözün düzü, ümid edirəm ki, yazıldığım 1 pay dəyərində artar. Lakin, IPO-nun müddətinin 1 ay daha uzadılması məndə sual və narahatlıq doğurur.

Hər şeyi zaman göstərəcək. Diqqətiniz üçün təşəkkür edirəm!

reddit.com
u/ismayilsuleymann — 30 days ago