Psixologiya və şəxsi inkişaf janrının artıq iç-içə keçməsi sizi narahat edir?
Mən bir kitab oxuyanda ilk baxdığım şey onun mənə elmi baxımdan nəsə qatıb-qatmayacağıdır. İnsanı anlamağı çox sevdiyim üçün təbii ki, psixologiyaya yönəlirəm. Amma bu gün kimsə "psixologiya ilə maraqlanıram" deyəndə, sanki artıq elmi psixologiya yox, daha çox şəxsi inkişaf nəzərdə tutulur.
Məsələn, "mən də psixologiya ilə maraqlanıram" deyən insanların çoxu Ivan Pavlovun şərtləndirmə təcrübələrinin nədən bəhs etdiyini belə izah edə bilmir. Elə bil psixologiya insanların gözündə davranışı və zehni elmi üsullarla araşdıran bir elm olmaqdan çıxıb, daha çox insanların öz həyat hekayələrini danışdığı, şəxsi təcrübələrini isə sanki elmi fakt kimi təqdim etdiyi bir janra çevrilib.
Məni narahat edən şəxsi inkişafın özü deyil. Narahat edən odur ki, elmi psixologiya getdikcə onun kölgəsində qalır və "psixologiya" anlayışı sanki yalnız motivasiya, uğur hekayələri və həyat məsləhətləri ilə eyniləşdirilir. Məncə, psixologiya bu qədər dar çərçivəyə salınmalı olan bir sahə deyil.